Xabi Alonso: “Eder Militao zədələnəndə digər oyunçular da zədələnir”

Xəbərlər
21 Dekabr 2025 10:10
41
Xabi Alonso: “Eder Militao zədələnəndə digər oyunçular da zədələnir”

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Xabi Alonso “Sevilya” ilə oyundan sonra keçirilən mətbuat konfransında nəticənin vacibliyini ön plana çəkib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis son dövrdə nəyin düzgün getmədiyini təhlil edəcəklərini deyib.

Azarkeşlərin Vinisius Junioru fitə basmasına münasibət bildirən Alonso bunun normal hal olduğunu qeyd edib:

“Azarkeşlərin öz fikirlərini ifadə etmək hüququ var. Vinisiusun buna reaksiyası barədə onunla danışmamışam”.

Alonso motivasiya baxımından özünü əvvəlki aylarla müqayisədə eyni dərəcədə güclü hiss etdiyini bildirib. Komandanın zəif nəticələrinin səbəblərinə toxunan mütəxəssis zədələrin əsas problem olduğunu vurğulayıb:

“Zədə və ya cəza səbəbindən 9-10 futbolçu oynamadı. Hər şeyə kontekst daxilində baxmaq lazımdır”.

Baş məşqçi Kilian Mbappenin oyundakı çıxışını xüsusi qeyd edərək onu təbrik edib. 2026-cı illə bağlı arzusunu da açıqlayan Alonso bildirib ki, əsas istəyi zədələnmiş futbolçuların yenidən sıraya qayıtmasıdır.

Zədələrin niyə bu qədər çox olmasına dair suala cavab verən Xabi Alonso bunun zəncirvari proses olduğunu deyib və Eder Militao nümunəsini göstərib:

“Bir futbolçu zədələnəndə digərləri daha çox dəqiqə oynayır, sonra onlar da zədə alır. Militaoda baş verən də məhz budur”.

İdman.Biz