“Arsenal”ın şikayəti rədd edildi - 16 yaşlı futbolçu üç oyunluq cəzalandırıldı

29 Oktyabr 2026 23:07
49
“Arsenal”ın şikayəti rədd edildi - 16 yaşlı futbolçu üç oyunluq cəzalandırıldı

İngiltərə Futbol Assosiasiyası (FA) “Arsenal”ın 16 yaşlı yarımmüdafiəçisi Maks Doumanın qırmızı vərəqə alması ilə bağlı apellyasiya şikayətini rədd edib.

İdman.Biz istinadən xəbər verir ki, London klubunun futbolçusu üç oyunluq diskvalifikasiya olunub.

Hadisə oktyabrın 27-də İngiltərə Liqa Kubokunda “Flitvud Taun”la keçirilən qarşılaşmada baş verib. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan və “Arsenal”ın penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu görüşün 85-ci dəqiqəsində Douman meydandan qovulub.

O, rəqib futbolçu Harrison Nillə sərt toqquşmadan sonra ona ayağı ilə zərbə endirib.

“Arsenal” həm qırmızı vərəqənin düzgünlüyünə, həm də cəzanın ağırlığına etiraz edib. Lakin müstəqil intizam komissiyası klubun hər iki tələbini rədd edib.

“Müstəqil tənzimləmə komissiyası Maks Doumanın səhvən meydandan qovulması və cəzanın həddindən artıq sərt olması ilə bağlı apellyasiya şikayətlərini rədd edib. “Arsenal”ın futbolçusu üç oyunluq diskvalifikasiya olunacaq”, - deyə FA-nın bəyanatında bildirilir.

Assosiasiya komissiyanın qərarının yazılı əsaslandırmasının daha sonra dərc ediləcəyini də açıqlayıb.

İdman.Biz