“Gəncəbasar”ın baş məşqçisi Elhad Nəziri Azərbaycan Kubokunda “Xankəndi” ilə keçirilən oyundan sonra futbolçularının çıxışından razı qaldığını bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının xüsusilə ikinci hissədə istədiyi futbolu nümayiş etdirdiyini vurğulayıb:
“İlk növbədə uşaqları təbrik edirəm. İkinci hissədə oynamaq istədiyimiz futbolu meydanda görə bildik. Start heyətində böyük rotasiyalar etmişdik, demək olar ki, heyətin 90 faizini dəyişmişdik. Məqsədimiz futbolçuların fiziki və taktiki durumunu mərhələli şəkildə yaxşılaşdırmaq idi. Ona görə də oyunu iki hissəyə bölmüşdük. Ümumi oyuna gəldikdə, öz səhvlərimizdən qollar buraxdıq. Bu istiqamətdə işləyəcəyik. Sadəcə, futbolçular çempionat oyunlarında daha məsuliyyətli olurlar. Bizim bir hədəfimiz var və həmin hədəfə çatmaq istəyirik”.
Nəziri ikinci hissədə rəqibə üstünlük vermədiklərini qeyd edərək oyunçularının mübarizəsindən razılığını ifadə edib:
“Futbolçular yaxşı oyun nümayiş etdirdilər. Xüsusilə ikinci hissədə rəqibə futbol oynamaq imkanı vermədik. Futbolçuların yerdə uzanaraq vaxt aparması, hakimin meydanda verdiyi qərarlara etirazlar oyunun intensivliyinə təsir etdi. Amma şükürlər olsun ki, oyunçulardan istədiyim nəticəni aldım. Futbolçularımı təbrik edirəm, onlarla fəxr edirəm. Rəhbərliyə və azarkeşlərə təşəkkürümü bildirirəm. Rəhbərlik hər zaman yanımızdadır və bizə dəstək olur. Biz də onların çəkdiyi əziyyətin qarşılığını vermək üçün əlimizdən gələni edirik”.
Qeyd edək ki, Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Gəncəbasar” “Xankəndi”ni 3:2 hesabı ilə məğlub edib.
