Niderlandın “AZ Alkmaar” klubunda çıxış edən 19 yaşlı yarımmüdafiəçi Kees Smit çoxlarının arzusu olan təklifi rədd edib.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, gənc futbolçu Avropanın aparıcı klublarının transfer siyahısında yer alsa da, gələcək karyerası ilə bağlı qərarını artıq formalaşdırıb.
Kees Smit üçün əsas prioritet İngiltərə Premyer Liqasında çıxış etməkdir. O hesab edir ki, yüksək temp, davamlı rəqabət və intensiv futbol onun potensialını maksimum üzə çıxara bilər.
Son illərdə “AZ Alkmaar”da stabil inkişaf yolu keçən Kees Smit Erediviziya (Niderland yüksək futbol diviziyası) və Konfrans Liqasında aldığı oyun dəqiqələri ilə diqqət mərkəzinə düşüb. Texnikası, oyun oxuma bacarığı və meydanın mərkəzində tempi idarə etməsi onu Avropanın aparıcı klubları üçün cəlbedici fiqura çevirib. Niderland millisinin baş məşqçisi Ronald Kumanın onu Pedri tipli yarımmüdafiəçi kimi dəyərləndirməsi də marağı daha da artırıb.
Məlumata görə, “Real Madrid” futbolçunun inkişafını yaxından izləsə də, Kees Smit bu variantı idman strategiyasına uyğun hesab etməyib. Bu qərar şəxsi yox, sırf karyera planlaması ilə bağlıdır. Gənc yarımmüdafiəçi növbəti addımın mütləq Premyer Liqa olması qənaətindədir.
Əgər İngiltərəyə keçid reallaşmasa, Smit İspaniyada “Barselona”nı “Real Madrid”dən üstün tutur. O, katalon klubunun oyun fəlsəfəsini, gənc futbolçulara verdiyi rolu və kombinativ futbolunu öz üslubuna daha uyğun hesab edir.
Hazırda Kees Smit diqqətini tam şəkildə “AZ Alkmaar”dakı çıxışına yönəldib. Klub da futbolçunu tələsik satmaq niyyətində deyil. Niderland futbolunun bu parlaq istedadı üçün zaman işləyir və gələcəyi ilə bağlı mesaj artıq aydındır: əsas hədəf İngiltərədir, alternativ isə “Barselona”.
