Elşad Əhmədov: “Sabah”la oyunda “Qarabağ”da həm fiziki, həm də psixoloji yorğunluq hiss olunurdu”

Xəbərlər
19 Dekabr 2025 14:25
45
Elşad Əhmədov: “Sabah”la oyunda “Qarabağ”da həm fiziki, həm də psixoloji yorğunluq hiss olunurdu”

“Sabah” - “Qarabağ” oyunu (2:1) meydan sahiblərinin böyük üstünlüyü ilə keçdi. Buna görə də düşünürəm ki, bakılılar layiqli qələbə qazandılar və Premyer Liqada liderliyi ələ keçirdilər”.

Bu sözləri “Qarabağ” və “Sabah” klublarının sabiq baş məşqçisi Elşad Əhmədov Misli Premyer Liqasında bu komandalar arasında birinci turdan təxirə salınmış görüşlə bağlı danışarkən deyib.

55 yaşlı mütəxəssis Ağdam təmsilçisinin zəif oyun nümayiş etdirdiyini söyləyib.

“Misli Premyer Liqasında “Qarabağ”a pressinq edən komandalar əksər hallarda böyük hesabla məğlub olurlar. Amma bu qarşılaşmada ev sahibi komanda irəlidə pressinqi çox düzgün və vaxtında edirdi. Əllərinə düşən imkanlardan istifadə etsəydilər, artıq ilk hissədəcə hesabda önə keçə bilərdilər. “Sabah”ın builki transferləri komandaya çox kömək etdi. Ümumən, bu kollektiv son görüşlərdə yaxşı təsir bağışlayır. Amma qarşıda hələ çox matç var. “Sabah”ın turnir cədvəlindəki liderliyinin uzun çəkib-çəkməyəcəyini demək çətindir. Əsas məsələ klubların fasilədən necə və hansı vəziyyətdə qayıtmalarıdır”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycan millisinin keçmiş futbolçusunun sözlərinə görə, dünənki matçda “Qarabağ”ın oyununda həm fiziki, həm də psixoloji yorğunluq hiss olunurdu: “Onlardan müdafiə fazasında belə zəif çıxış gözləməzdim. Demək olar ki, çempionatdakı fasiləni gözləyirlər. Futbolçulara yaxşı istirahət lazımdır ki, yanvarda Çempionlar Liqasında Almaniyanın “Ayntraxt” klubu ilə matça tam hazır olsunlar”.

Qeyd edək ki, bu nəticədən sonra “Sabah” turnir cədvəlində 34 xalla liderliyə yüksəlib, 33 xalı olan “Qarabağ” isə ikinci pilləyə enib.

İdman.Biz