İngiltərənin “Mançester Yunayted” klubunun kapitanı Bruno Fernandeş komandanı tərk etmək imkanları olduğu halda qalmağı seçdiyini bildirib və bu qərarın arxasında duran səbəbləri izah edib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi klubdakı ən ağır dövrlərdə sədaqət göstərdiyini vurğulayıb.
“Mənim sədaqətim klubda keçirdiyim ən çətin dövrlərdə idi. İki dəfə ayrılmaq imkanım var idi. Klub dedi ki, bizə lazımsan. Mən də dedim ki, siz mənə nəsə verdinizsə, mən də sizə nəsə verəcəyəm. Ən çox çətinlik çəkdiyimiz vaxtlarda belə “Mançester Yunayted” üçün meydanda oldum. Ümid edirəm ki, klubdakı hər kəs bunun fərqindədir, çünki malik olduğum imkanlar həqiqətən çox yaxşı idi”, - deyə kapitan bildirib.
Təcrübəli futbolçu fərqli karyera yolu seçə biləcəyini də etiraf edib:
“Tam dərk edirəm ki, başqa yol seçə bilərdim. Ola bilsin ki, daha çox titul qazanardım və vitrinimdə kuboklar olardı. Bu halda insanlar da mənim haqqımda fərqli danışardılar”.
Bruno Fernandeş klubun ambisiyası olmasaydı, qalmayacağını da açıq şəkildə bildirib:
“Əgər klub mənə hədəfimizin yenə də ən yüksək səviyyəyə çatmaq olduğunu deməsəydi, “Mançester Yunayted”də qalmazdım. Buradakı plan yenidən titullar qazanmaq, əvvəl olduğumuz böyük klub statusuna geri dönməkdir”.
