İngiltərənin “Arsenal” klubunun əsas müdafiəçilərindən olan Ben Uayt zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Sağ cinah müdafiəçisi ən azı bir ay komandaya kömək edə bilməyəcək.
İdman.Biz “BBC Sport”a istinadla xəbər verir ki, 28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 16-cı turunda “Vulverhempton”la oyunun (2:1) ilk hissəsində arxa bud əzələsindən zədə alıb və fasilədə əvəzlənib.
“Arsenal” klubunda yekun diaqnoz hələ təsdiqlənməsə də, ilkin tibbi rəylər Uaytın 4-6 həftəlik sıradan çıxdığını göstərir.
Qeyd olunur ki, Ben Uayt ötən mövsümün böyük hissəsini diz problemlərinə görə buraxıb. Cari mövsümün əvvəlində də arxa bud nahiyəsindən narahatlığı olan müdafiəçi indiyədək “Arsenal”ın heyətində cəmi 11 oyunda iştirak edib. Buna baxmayaraq, son dörd qarşılaşmada o, start heyətində meydana çıxmışdı.
Xatırladaq ki, “Arsenal”ın zədəli futbolçular siyahısında müdafiəçilər Qabriel Maqalyans və Kristian Moskera da yer alır.
