“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində komandasının çıxışına dair fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, “Komanda.az” saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında komandanın sona qədər mübarizə aparmaq niyyətində olduğunu bildirib.
“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşmək idi və bunu bacardıq. Çox şükür ki, artıq iki qələbəmiz var. Azarkeşlər üçün tanınmış klubların Azərbaycana gəlməsi maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq və fiziki durumumuz da yaxşı səviyyədədir. Çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq”, - deyə o, açıqlamasında deyib.
Baş məşqçi azarkeşlərdən dəstək istəyərək, tənqidlərin komanda üçün faydalı olduğunu vurğulayıb:
“İstərdik ki, bizə güvənəsiniz. Tənqidləri qəbul edirik və düşünürəm ki, bu, bizim xeyrimizədir. Biz yıxılarıq, durarıq, amma sınmarıq”.
Qurban Qurbanov həmçinin karyerasının sonuna qədər Azərbaycanda çalışmağa hazır olduğunu bildirib:
“Hazırda həm ruhuma, həm də özümə Azərbaycan daha yaxındır. Bakını çox sevirəm. Mənim üçün əvəzolunmazdır. Gördüyüm işlər fayda verəcəksə, karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram. Hər il transfer söhbətləri olur, danışıqlar aparırıq. Çalışırıq ki, yeni futbolçular gətirək. Qış fasiləsini böyük ehtimalla Antalyada keçirəcəyik”.
Qeyd edək ki, “Komanda.az” saytının keçirdiyi sorğuda Qurban Qurbanov 63 jurnalist arasında 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı baş məşqçisi adına layiq görülüb.
