Dubayda keçirilən boks üzrə dünya çempionatında Azərbaycanın yalnız bir idmançısı – 48 kiloqram çəki dərəcəsində çıxış edən Sübhan Məmmədov finala yüksəlib.
Yığmanın ümumi nəticəsi və qızıl medal şansları barədə fikirləri öyrənmək üçün İdman.Biz 2008-ci ilin Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranova müraciət edib.
“Dünya çempionatında cəmi bir boksçumuzun finala çıxması bizim gözlədiyimiz nəticə deyil. Məhəmməd Abdullayevin (+92 kq) yarımfinalda uduzması isə mənim üçün ən xoşagəlməz nəticə oldu. Alfonso Dominqesin (92 kq) məğlubiyyətini proqnozlaşdırmaq mümkün idi – onun rəqibi özbəkistanlı dünya çempionu Turabek Xabibullayev çox güclüdür. Amma Məhəmməd Abdullayev, heç olmasa, üç il əvvəlki formasında olsaydı rusiyalı David Surovu rahat məğlub etməli idi. O, məni tam məyus etdi. Nə baş verdiyini bilmirəm, amma hər çıxışında boksu daha da zəifləyir. Halbuki 8–10 il əvvəl ondan böyük ümidlər gözləyirdik, elə bilirdik ki, mərhum Ədalət Məmmədovdan sonra nəhayət, ulduza çevriləcək bir super ağır çəkili boksçu tapmışıq. Təəssüf ki, o, ümidləri doğrultmadı”.
Veteran boksçu Sübhan Məmmədovun final şanslarını isə yüksək qiymətləndirib:
“Subhan cəmi 19 yaşındadır, amma xarakteri var, rəqibdən çəkinmir – bu, boksçuda ən vacib cəhətdir. Düşünürəm ki, dünya çempionu olmaq gücündədir”.
Vüqar Vüqarlı
