Almaniyanın “Bavariya” komandasının hücumçusu Harri Keyn Bundesliqasının 14-cü turunda “Maynz”la 2:2 hesabı ilə başa çatan oyunla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, münhenlilərin forvardı qarşılaşmanın böyük hissəsində üstün oynadıqlarını, lakin həlledici məqamlarda çatışmazlıq yaşadıqlarını bildirib.
“Düşünürəm ki, oyunun ilk 44 dəqiqəsində tam üstünlük bizdə idi. Qol vurmaq üçün çoxlu imkanlarımız var idi və demək olar ki, rəqibə təhlükə yaratmağa imkan vermirdik. Ancaq fasiləyə az qalmış qol buraxdıq və bu, oyunun gedişini dəyişdi”, - deyə Keyn vurğulayıb.
Keyn ikinci hissədə “Bavariya”nın əvvəlki kimi dominant çıxış etmədiyini etiraf edib:
“Fasilədən sonra meydançaya çıxdıq, amma artıq əvvəlki üstünlüyümüz yox idi. Bizə ya son ötürmə, ya da həlledici zərbə çatmadı”.
İngilis hücumçu rəqibin də yaxşı təşkil olunduğunu vurğulayıb:
“Maynz” yaxşı oynadı və bu da bizi mübarizəyə məcbur etdi. Belə komandalarla oynayanda hər xal uğrunda sona qədər vuruşurlar. Yaxşı müdafiə olunurlar, topla düzgün davranırlar və son ana qədər mübarizə aparırlar. Nəticədə bu xalı qəbul edib yolumuza davam edirik”.
