İspaniyanın “Real Madrid” klubu yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə yolları ayırmaq variantını nəzərdən keçirir.
İdman.Biz “Defensa Central” nəşrinə istinadla xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 23 yaşlı fransalı futbolçu üçün 100 milyon avroya yaxın (təxminən 185 milyon AZN) məbləğdə təklifləri araşdırmağa hazırdır.
Mənbə bildirir ki, klubun bu mövqeyinin əsas səbəbi Kamavinqanın tez-tez zədələnməsi ilə bağlı narahatlıqlardır. Bununla belə, “Real”da hesab edirlər ki, futbolçu mövsümün sonuna qədər sağlamlıq problemlərini arxada qoyduğunu sübut edə bilər. Klubda istisna edilmir ki, mümkün satışdan əldə olunacaq vəsait digər yarımmüdafiəçilərin transferinə yönəldilsin.
Qeyd edək ki, Kamavinqa 2025-ci ilin avqust ayından etibarən topuq nahiyəsindən aldığı zədə səbəbindən ümumilikdə 48 gün meydanlardan kənarda qalıb. Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Kamavinqanın “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, yarımmüdafiəçinin bazar dəyəri 50 milyon avro (təxminən 92,5 milyon AZN) təşkil edir.
