“Ayaks” güclü komandadır. Amma hazırda onların vəziyyəti ürəkaçan deyil”.
Bunu “Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– “Qarabağ” yenidən UEFA Çempionlar Liqasının əsas mərhələsində oynayır. Onların bu çıxışı sizi təəccübləndirmədi?
– Onların bu uğuruna görə çox sevinirəm. Demək olar ki, bütün matçlarını izləyirəm. Azərbaycan təmsilçisi ÇL-də çox gözəl futbol oynayır. Bu, Qurban Qurbanovun əməyinin nəticəsidir. Onun oynatdığı futbol, tətbiq etdiyi taktika üst səviyyədədir. “Qarabağ” bu mövsüm çox güclüdür. Onlar əla futbol oynayırlar. Bütün azərbaycanlı azarkeşlər onları dəstəkləyirlər. Çünki Azərbaycan futbolu adına böyük işlər görürlər.
– Sizcə, onlar növbəti mərhələyə adlaya biləcəklər?
– Düşünürəm ki, bunun üçün güc var. Rəhbərlik, məşqçi heyəti, futbolçular birlikdə bu vəzifənin də öhdəsindən gələcəklər. Çempionlar Liqası mövsümün uzun yarışıdır. Arzum “Qarabağ”ı bu böyük turnirin finalında görməkdir. Çünki onlar bunu haqq edirlər, ən yaxşısına layiqdirlər. Qurban Qurbanovun komandanı növbəti mərhələ üçün kökləyəcəyinə əminəm.
– Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda “Qarabağ” “Ayaks”la qarşılaşacaq. Sizcə, qələbə qazana biləcəklər?
– “Ayaks” güclü komandadır. Amma hazırda onların vəziyyəti ürəkaçan deyil. Çünki yaxşı nəticələr, yaxşı oyun yoxdur. Bu da təbii ki, komandaya təsir edir. “Qarabağ” qələbə qazanmaq üçün yaxşı şans əldə edib. Qurban Qurbanovun komandası bunu bacaracaq gücdədir.
– Hazırda özünüz nə işlə məşğul olursunuz?
– Serbiyada məşqçiliklə məşğulam. Yeni başlamışam. Təxminən bir il olar ki, özümü çalışdırıcı kimi sınayıram.
– “Qarabağ”ın oyunlarını izləmək üçün Bakıya gəlmək isəyirsiz?
– Oyun izləmək üçün yox, amma Qurban Qurbanovun yanında təcrübə keçmək üçün gələcəm. Ən azı bir həftə onun yanında olmaq istəyirəm, ondan öyrənəcəyim çox şey var.
