“Qarabağ” yaxından izlədiyim və nəticələri ilə qürur duyduğum komandadır. Qardaş ölkənin klubu bizim də təmsilçimiz sayılır”.
Bu sözləri Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Ömər Ərdoğan deyib.
48 yaşlı mütəxəssis Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda “Ayaks”la keçirəcəyi oyunla bağlı danışıb.
“Qurban Qurbanov əla kollektiv qurub. Onun işini çox bəyənirəm. “Ayaks” isə bu mövsüm yaxşı formada deyil. Amma unutmaq olmaz ki, onlar Niderland futbolunu təmsil edirlər. “Qarabağ” futbol mədəniyyəti böyük ölkənin komandasına qarşı oynayacaq. Çətin matç olacaq. Əgər komandanız sabah da intizamlı oyununu davam etdirsə, xal qazana biləcək”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
O, Ağdam təmsilçisinin əsas mərhələdəki şanslarını da dəyərləndirib: “Bundan sonra “Ayntraxt” və “Liverpul”la matçlar var. Hər iki komanda ideal formada deyil. Frankfurt klubu qeyri-stabil çıxış edir. Düşünürəm ki, “Ayaks” və “Ayntraxt”dan alınacaq xallar “Qarabağ” üçün həlledici olacaq. Azərbaycan təmsilçisinin növbəti mərhələyə çıxmaq şansı çoxdur”.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
