“Mançester Yunayted”in sabiq müdafiəçisi və İngiltərə millisinin keçmiş üzvü Qari Nevill “Liverpul”un mövcud durumunu sərt şəkildə tənqid edib.
İdman.Biz xəbər verir ki, “Sky Sports”a danışan ekspert Arne Slotun komandasının ciddi böhran yaşadığını bildirib.
“Komanda hazırda aqoniya içindədir. “Liverpul”da sabitlik yoxdur. Bu kollektivə inam qalmayıb. Onlardan qələbələr gözləyirsən, amma futbolçular yenə səhvlər edirlər. Slotun komandası dağılır”, - deyə sabiq müdafiəçi vurğulayıb.
Müzakirələrə səbəb Premyer Liqanın 15-ci turunda “Liverpul”un səfərdə “Lids”lə 3:3 hesablı heç-heçə etdiyi qarşılaşma olub. Həmin oyundan sonra mersisaydlıların hesabında 23 xal var və onlar turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar.
Nevillin bu açıqlaması son illərin ən qeyri-sabit mövsümlərindən birini keçirən “Liverpul” üzərində təzyiqləri daha da artırıb.
