Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Mauro İkardi ilə bağlı ayrılıq qərarı gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, argentinalı hücumçu derbidə 89-cu dəqiqədə oyuna daxil olduqdan sonra göstərdiyi davranışla rəhbərliyin səbrini tükəndirib. Son günlərdə müqavilə yenilənməsi ilə bağlı yaşanan gərginlik də nəzərə alınmaqla, İkardinin klubdakı gələcəyinin qaranlıq olduğu bildirilir.
“Sarı-qırmızılılar” qış fasiləsində heyətə yeni hücumçu transfer etməyi planlaşdırır. Rəhbərlik yedək qalmağı problem etməyəcək forvet axtarışına artıq start verib. Klub bununla yanaşı dayaq müdafiəçisi, yarımmüdafiə və cinah mövqelərini də gücləndirməyi qarşıya məqsəd qoyub.
Qeyd edək ki, 32 yaşlı Mauro İkardinin “Qalatasaray”la müqaviləsi mövsüm sonunda başa çatır. Argentinalı hücumçu Super Liqa və Çempionlar Liqasında bu mövsüm 18 matçda 765 dəqiqə meydanda olub və 7 qola imza atıb.
