Holland ulduz Uesli Snayder “Real Madrid”dən ayrılarkən yaşadıqları, Mourinyonun onu “İnter”ə necə dəvət etməsi və ÇL kubokunu “Santyaqo Bernabeu”da qaldırmasının hekayəsini danışıb.
İdman.Biz xəbər verir ki, Snayder karyerasının ən ağır gününün “Real Madrid”dən ayrıldığı vaxt olduğunu bildirib.
Klubdan getdiyi gün məşq bazasında dolabının boşaldıldığını və əşyalarının kənara yığıldığını görüb. O, həmin an özünü tamamilə dəyərsiz hiss etdiyini deyib.
Snayder daha sonra klub prezidentinə yaxınlaşıb, lakin aldığı cavab onu daha da məyus edib:
“Prezidentlə danışmağa getdim. Çox vaxt ayırmadı, sadəcə, “artıq planlarımıza uyğun deyilsən, Çempionlar Liqasını qazanmaq istəyirik”, - dedi”.
Holland futbolçu həmin otaqdan çıxmazdan əvvəl özünə söz verdiyini deyir:
“Çıxmazdan 1,5 saniyə əvvəl klub prezidentinə dedim ki, əmin olun, harada olsam da, qazanmaq üçün oynayacağam”.
Snayder iki gün sonra həyatını dəyişən telefon zəngi aldığını bildirib:
“Mourinyo zəng etdi. Nömrəmi yəqin Çivudan almışdı, çünki daha əvvəl tanış deyildik. Dedi ki: “Sənin vəziyyətinin çətin olduğunu bilirəm. “İnter”ə gəl, birlikdə hər şeyi qazanacağıq”. Mourinyo ilə söhbət hər şeyi dəyişdi. Mənə komandanın ən vacib oyunçularından biri olacağımı, birlikdə Çempionlar Liqasını qazanacağımızı dedi. Bəlkə hamıya eyni şeyi deyir, amma inanın, onunla bir il keçirmək başqa biri ilə on il keçirmək kimidir”.
Snayderin Milandakı mövsümü tarixə düşüb. O, 2010-cu ildə məhz “Santyaqo Bernabeu” stadionunda Çempionlar Liqasının kubokunu qaldıraraq verdiyi sözü yerinə yetirib.
