İstanbulun baş prokuroru mərc oyunlarına görə yeni həbslərin anonsunu verib

Xəbərlər
20 Noyabr 2025 15:44
19
İstanbulun baş prokuroru mərc oyunlarına görə yeni həbslərin anonsunu verib

Türkiyədə futbolda mərc əməliyyatları ilə bağlı istintaq yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu araşdırmanı genişləndirir və Baş prokuror Akın Gürlek növbəti günlərdə yeni əməliyyat ehtimalını istisna etməyib.

“TFF və bizim apardığımız araşdırma bir-birindən fərqlidir. PFDK tərəfindən cəza verilən futbolçularla bağlı avtomatik olaraq hüquqi istintaq açılması kimi bir vəziyyət yoxdur. Bizə edilən hər bir müraciəti araşdırırıq. Hazırda böyük məlumat bazamız var: federasiya bizə bildiriş göndərir, şikayət xətləri vasitəsilə çoxlu müraciətlər gəlir, şahid ifadələri var. UEFA və İnterpol ilə əməkdaşlığımız mövcuddur – onlar da bizə siyahı göndərəcəklər. Buna görə də yaxın günlərdə yeni əməliyyat ola bilər”, - deyə baş prokuror bildirib.

Türkiyə Futbol Federasiyasının apardığı daxili araşdırmada 571 aktiv peşəkar hakimdən 371-nin mərc hesabı olduğu, onlardan 152-nin isə aktiv şəkildə mərc oynadığı açıqlanmışdı. Mərc oynadığı müəyyən edilən hakimlər PFDK-ya (Profesyonel Futbol Disiplin Kurulu) göndərilmiş, 149 hakim və köməkçi hakimə 8-12 ay arası fəaliyyət qadağası verilmişdi.

TFF daha sonra araşdırmanı genişləndirərək 1024 futbolçunu da PFDK-ya göndərmişdi. Onlardan 102 nəfərə 45 gün ilə 12 ay arasında cəza tətbiq olunmuşdu.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırmanın ilk mərhələsində əksəriyyəti hakimlərdən ibarət olan 21 nəfər barəsində axtarış, müsadirə etmə və nəzarət tədbirləri tətbiq edilib. “Eyüpspor”un prezidenti də daxil olmaqla 8 nəfər həbs olunub.

İdman.Biz