Avstraliya millisinin futbolçusu Meri Fauler Fransa təmsilçisi “Monpelye”də yaşadığı ağır irqçilik təcrübəsini açıqlayıb. O bildirib ki, klubdan ayrıldığı zaman ona və başqa qaradərili komanda yoldaşına çiçək əvəzinə banan verilib.
İdman.Biz xəbər verir ki, Fauler bunun “sadə səhv” olmadığını, əksinə, klub daxilində hiss etdikləri soyuqluq və xüsusi münasibətin yalnız bir epizodu olduğunu yazıb.
Futbolçu deyir ki, bu hadisə onların özlərini komandanın bir hissəsi kimi görmələrini daha da çətinləşdirib.
Hazırda 22 yaşlı hücumçu İngiltərə təmsilçisi “Mançester Siti”nin heyətində çıxış edir. Fauler bu məsələni ictimaiyyətə açıqlamağı özünə borc bildiyini vurğulayıb məqsədi oxşar təcrübə yaşayanlara dəstək olmaqdır.
Qeyd edək ki, bu jest futbolda uzun illərdir irqçi təhqir kimi tanınır və Meri Faulerin yaşadığı hadisə tək deyil. Tarixdə buna bənzər çox məşhur nümunələr var:
Dani Alves – “Vilyarreal” (2014)
Künc zərbəsi vurarkən azarkeş ona banan atmışdı. Alves bananı yerindəcə götürüb yemiş və irqçiliyə qarşı simvolik jestə çevrilmişdi.

Samuel Eto’o – “Barselona”
Eto’o karyerası boyunca bir neçə stadionda həm təhqir səslərinə, həm də banan atılmasına məruz qalıb. Bir dəfə meydanı tərk etməyə belə cəhd etmişdi.

Roberto Carlos – “Anji” (2011)
Rusiya Premyer Liqasında ona iki dəfə banan atılmış və bu, bütün dünyada böyük rezonans yaratmışdı.

Mario Balotelli – İtaliya millisində
Balotelli dəfələrlə banan atılması və irqçi çağırışlarla üzləşib. Tez-tez bununla bağlı sərt açıqlamalar verib.

