“Çətin oyun oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni etdiyimizi düşünürəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az-a açıqlamasında deyib.
O, azarkeşlərin dəstəyinə toxunub:
“Hər oyunda azarkeşlərimiz stadionu doldurur. Onları sevindirmək istəyirik. Özünüz də görürsünüz ki, ilk “11-lik”də cəmi 3-4 oyunçu öz komandalarının əsas heyətində çıxış edir. Fransa millisinə qarşı bu cür oynamaq çox çətindir”.
Qapıçı həmçinin zədəsinin xroniki xarakter aldığını söyləyib:
“Zədəm artıq xronik hala gəlib. Zədəli olsam da, oynamağa çalışıram. Bu gün iynə vasitəsilə, demək olar ki, bir ayaqla matçda iştirak etməyə çalışdım. Ağrı olsa belə, oynayıram. Amma artıq ikinci hissədə taqətim qalmamışdı”.
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
