“Rayo Valyekano”nun stadionunda qalmaqal: VIP-lojaya hücum - FOTO

4 Oktyabr 2026 15:42
100
“Rayo Valyekano”nun stadionunda qalmaqal: VIP-lojaya hücum - FOTO

İspaniyanın “Rayo Valyekano” futbol komandasının stadionunda ciddi insident yaşanıb.

İdman.Biz xəbər verir ki, hadisə “Rayo Valyekano” ilə İtaliyanın “Kalyari” komandası arasında keçirilən Vallecas turnirinin oyunu zamanı baş verib.

Klubun açıqlamasına görə , əsasən üzləri maskalı olan bir qrup şəxs stadionun fəxri lojasına daxil olmağa cəhd göstərib. “Rayo Valyekano” həmin şəxslər arasında “Bukaneros” ultra qrupunun tanınmış üzvlərinin də olduğunu bildirib.

İlk olaraq azarkeşlər tribunaların xarici hissəsindən lojaya daxil olmağa çalışıblar. Buna nail olmadıqdan sonra VIP-zonaya aparan yan qapını sındırmağa çalışıblar.

Daha sonra qrup fəxri lojaya əsas girişdən keçməyə cəhd edib. Təhlükəsizlik əməkdaşları qapını bağlamağa məcbur olublar. Klub həmin vaxt lojada olan rəsmilərin təhlükəli və qəbuledilməz vəziyyətlə üzləşdiyini vurğulayıb.

“Rayo Valyekano” bəzi iştirakçıların şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlayıb. Klub baş verənləri təzyiq və zorakılıq kimi qiymətləndirərək belə hallara güzəştə getməyəcəyini bildirib.

Hadisə klub rəhbərliyi ilə azarkeşlərin bir hissəsi arasında uzun müddətdir davam edən gərginlik fonunda yaşanıb. Prezident Raul Martin Presa oyunun yalnız ikinci hissəsinin əvvəlində lojaya çıxa bilib.

Klub özəl mühafizə xidmətinin və hadisə yerinə gələn İspaniya Milli Polisinin əməkdaşlarına təşəkkür edib. Açıqlamada onların müdaxiləsi olmasaydı, insidentin daha ağır nəticələrə səbəb ola biləcəyi qeyd olunub.

“Rayo Valyekano” ilə Madrid Muxtar Vilayəti rəhbərliyi arasında Vallekas stadionunun gələcək idarəetməsi ilə bağlı da fikir ayrılığı mövcuddur. Regional hakimiyyət stadionun klubun istifadəsinə verilməsi haqqında mövcud razılaşmaya xitam verilməsi və obyektin dövlət-özəl idarəetmə modelinə keçirilməsi variantını nəzərdən keçirir.

İdman.Biz