“İstərdik ki, komandamız dünənki oyunda xal qazansın. Əfsuslar olsun ki, bu dəfə də məğlubiyyətdən qaçmaq mümkün olmadı”.
Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Turan Tovuz”un məşqçilər korpusunda yer alan mütəxəssis Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiyaya 0:2 hesabı ilə məğlub olduğu matç barədə danışarkən deyib.
Mütəxəssis yığmanın İslandiya qarşısında şanslarının olduğunu, amma bundan istifadə edə bilmədiyini deyib: “İlk hissədə rəqib iki top vuraraq hesabı öz xeyrinə həll etdi və oyunun taleyi birinci yarıda müəyyənləşdi. Əslində, millimizin də imkanları var idi və hesab başqa cür də ola bilərdi. İkinci hissədə isə İslandiya komandası növbəti oyunlara hazırlaşdığı üçün tam gücünü ortaya qoymadı və bu səbəbdən millimiz daha üstün çıxış etdi”, - deyə məşqçi AZƏRTAC-a açıqlamasında deyib.
Veteran futbolçu iki gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə keçiriləcək qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb: “Fransa ilə qarşılaşma da maraqlı və gərgin olacaq. Onlar ötən gecə Ukrayna seçməsinə qalib gələrək mundiala vəsiqəni təmin etdilər. Buna baxmayaraq, Azərbaycan millisinə ciddi yanaşacaqlar. Çünki bütün futbolçular milli komandada çıxış edərkən daha çox məsuliyyət daşıyır, hər oyunda maksimum səylə çıxış edir və nəticəyə nail olmaq üçün bütün imkanlardan yararlanmağa çalışırlar”.
Qeyd edək ki, hazırda Fransa 13 xalla D qrupuna liderlik edir. 7 xala malik Ukrayna və İslandiya müvafiq olaraq, ikinci və üçüncü yerləri tuturlar. Aktivində 1 xalı olan Azərbaycan isə dördüncü - sonuncu pillədədir.
