Qollar ilk hissədə vuruldu, ikinci hissədəki aktivlik isə millimizi xilas etmədi: İDMAN.BİZ-də İslandiya ilə matçın TƏHLİLİ

Xəbərlər
14 Noyabr 2025 10:20
51
Qollar ilk hissədə vuruldu, ikinci hissədəki aktivlik isə millimizi xilas etmədi: İDMAN.BİZ-də İslandiya ilə matçın TƏHLİLİ

Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsinin finişinə yaxınlaşır. Seçmə mərhələnin sonuna yaxın keçirilən iki ev oyunundan birincisində yığma İslandiyaya 0:2 hesabı ilə uduzdu. İki gün sonra isə komandanı Fransa ilə matç gözləyir. Qeyd etmək lazımdır ki, fransızlar üçün də bu qarşılaşmanın turnir baxımından heç bir əhəmiyyəti olmayacaq, çünki onlar ən yaxın izləyicilərdən altı xal öndədirlər.

İdman.Biz qeyd edir ki, İslandiya ilə oyundan əvvəl millimiz adına müəyyən ümidlər var idi.

Çünki seçmə mərhələnin əvvəlində Reykyavikdəki 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuşa “hökm oxunmuş”, bunun ardınca Ayxan Abbasov baş məşqçi təyin edilmişdi. Adalar təmsilçisi ilə cavab oyununa qədər komanda Ukrayna və Fransa ilə görüşlərdə pis təsir bağışlamamışdı. Buna görə də gözləntilər vardı ki, yığma ilk oyuna nisbətən daha yaxşı performans göstərəcək. Lakin bu gözləntilər yalnız qismən özünü doğrultdu.

Milli komanda adətən fiziki mübarizəli futbol sərgiləyən rəqiblərə qarşı öz oyununu göstərə bilmir. Həmçinin taktiki baxımdan da məhdudiyyətlər mövcuddur: matç ərzində oyun ritminin qurulmaması, müdafiədən hücuma keçiddə çətinliklər, mövqe mübarizəsində boşluqlar və pressinq altında oynaya bilməmək kimi problemlər nəzərə çarpır.

İslandiyalılar Bakıda ilk hissədə məhz belə futbol təklif etdilər və özlərini kifayət qədər rahat hiss etdilər. Elə buna görə də vurulan hər iki qol müdafiədəki kobud səhvlərin nəticəsi oldu və qonaqlar qarşılarına çıxan imkanlardan maksimum istifadə etdilər. Şimallıların ikinci qolu bunun bariz nümunəsi idi - Sverrir İnqason cinahdan göndərilən ötürməni başla tamamladı.

Fasilədən sonra millimiz xeyli canlandı, hərəkətliliyi artırdı və daha çox hücum etməyə başladı, lakin bu, gözlənilən effekti vermədi. Epizodlar var idi - Anatoli Nuriyevin boş qapıya vurduğu topun qapı çərçivəsindən yayınması buna nümunədir. Düzdür, həmin epizoddan bir neçə dəqiqə sonra İslandiyalılar üçüncü qola da yaxın idilər: Yon Daqyur Torsteynsson yaxın məsafədən zərbə endirdi, amma Aydın Bayramov təhlükəni dəf etməyi bacardı. Ümumilikdə qapıçı matç boyunca komandanı bir neçə dəfə xilas etdi.

İslandiyaya məğlubiyyət göstərdi ki, bəzi hallarda futbolçularımıza elementar soyuqqanlılıq çatmır. Komanda epizod yaradır, lakin onları dəyərləndirə bilmir və bu cür oyunlarda məhz belə məqamlar nəticəyə təsir edən əsas fərqlərdən olur. Yığmanı bir çox istiqamətdə ciddi və davamlı iş gözləyir. Ayxan Abbasov isə inkişafın mümkün olduğuna inanır.

“Məyus olmağa dəyməz. Komanda gəncləşməyə davam edir. İlk hədəf - UEFA Millətlər Liqasının C divizionuna qayıtmaqdır. Keçirilmiş oyunlara da bu prizma ilə baxırıq. Tam hazır olmalıyıq. Bu, gələcəyin işidir. Hələ böyük nəticələrdən danışmaq tezdir, amma işləmək vacibdir”, - deyə baş məşqçi mətbuat konfransında bildirib.

Qarşıda isə Fransa ilə seçmə mərhələnin son oyunu var. Böyük ehtimalla Tofiq Bəhramov adına Respublika Stadionunda anşlaq olacaq və matça xüsusi maraq göstəriləcək. Güc nisbəti aydın olsa da, oyun azarkeşlərə estetik mənada xoş təsir bağışlaya bilər.

Zəki Feyzullayev

İdman.Biz

Məqalədə: