“Keçən mövsümü əsas götürsək, Rza Cəfərov ölkə xaricində çıxış edə bilərdi”.
İdman.Biz bildirir ki, bu sözləri “Turan Tovuz” və “Şamaxı” klublarının sabiq qapıçısı Kamal Bayramov deyib.
Bayramov Futbolinfo.az-a müsahibəsində yerli qapıçıların ehtiyatda qalmasına üzüldüyünü bildirib.
- Çempionatın ilk yarısında yaxşı mənada fərqlənən, ən çox bəyəndiyiniz qapıçılar hansılar oldu?
- İki qolkiperi xüsusi fərqləndirərdim. Bunlar “Qarabağ”ın qapıçısı Mateuş Koxalski və “Turan Tovuz”un formasını geyinən Oleq Baklovdur. Onlar digərlərində fərqli çıxışla yadda qaldılar. Ümumən, çempionatımızda yaxşı qapıçılar var.
- Mateuş Koxalskini bu vaxta qədər “Qarabağ”da oynayan qapıçılar arasında ən güclü hesab edirsinizmi?
- “Qarabağ”da fərqli dönəmlərdə bir çox qapıçı olub. Buna görə seçim çətindir. Andrey Lunyov, İbrahim Şehiç və digərlərini də unutmaq olmaz. Əlbəttə ki, Koxalskinin son zamanlar möhtəşəm performansı var və nəticələrə təsir edir. Amma yenə də tək bir nəfəri vurğulamağa çətinlik çəkirəm.
- Liqanın ilk yarısında etimadı doğrultmayan, gözləniləndən zəif çıxış edən qolkiperlər kimlərdir?
- “Kəpəz”də Kaçper Rosa və “Neftçi”nin qolkiperi Kenan Piriçi qeyd edərdim. Ən əsas da Piriçi vurğulamaq istəyirəm, çünki ona Rosa ilə müqayisədə böyük pullar ödəndi. Amma gözlənilənin çox altında çıxış etdi.
- Deməli, “Kəpəz”in liqanın ilk yarısı bitən kimi Kaçper Rosa ilə yollarını ayırmasını doğru qərar hesab edirsiniz…
- Elədir. Rosa “Kəpəz”ə kömək edə bilmədi. Bu, iştirak etdiyi oyunlarda açıq-aşkar görünürdü. Bu mənada, onunla yolların ayrılması doğru qərardır.
- Hansı yerli qapıçının ehtiyatda qalmasına üzülür və düşünürsünüz ki, həmin komandada oynayan legionerdənsə, ona şans vermək daha düzgün olar?
- Rza Cəfərov, Emil Balayev və Tərlan Əhmədlinin adını çəkəcəyəm. Rza və Emilin “Neftçi”də, Tərlanın isə “Araz-Naxçıvan”da ehtiyatda oturması üzücüdür. Komandadakı əcnəbi həmkarları bu gün onlardan üstün deyillər və bu, rahat sezilir.
- Bu gün hansı azərbaycanlı qapıçının uğurlu legioner həyatı yaşayacaq səviyyədə olduğunu düşünürsünüz?
- Yerli qapıçılar oynamırlar və hazırkı durumlarından xəbərsizik. Keçən mövsümü əsas götürsək, Rza Cəfərov ölkə xaricində çıxış edə bilərdi.
