AFFA cari mövsümdən etibarən “B” kateqoriyalı məşqçi lisenziyasını yeniləmək istəyən şəxslər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici təlimlərə başlayıb.
İdman.Biz xəbər verir ki, növbəti təlimdə məşqçilərə oyun nəticələrinin manipulyasiyası, idman mərcləri və şübhəli təkliflərlə bağlı risklər izah olunub.
AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli iştirakçılara danışılmış oyun anlayışı, manipulyasiya üsulları və məşqçilərin futbolun dürüstlük prinsiplərinin qorunmasındakı məsuliyyəti barədə məlumat verib.
Təlim zamanı kənar təsir və təzyiqlərə qarşı davranış qaydaları, şübhəli təkliflər barədə vaxtında məlumat verməyin vacibliyi xüsusi vurğulanıb.
Bundan başqa, sosial şəbəkələr vasitəsilə manipulyasiya cəhdləri, məşqçilərin etik öhdəlikləri və belə hallarla bağlı məlumatların gizlədilməsinin nəticələri müzakirə edilib.
İştirakçılara AFFA-nın 2025-ci ildə yenilənmiş İntizam Məcəlləsinin müvafiq müddəaları izah olunub, yerli və beynəlxalq təcrübədən nümunələr təqdim edilib.
Təlimin praktiki hissəsində məşqçilər qruplara bölünərək peşə fəaliyyətləri zamanı qarşılaşa biləcəkləri müxtəlif vəziyyətləri təhlil edib və belə hallarda atılmalı addımları müzakirə ediblər.
