“Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov Azərbaycan Birinci Liqasının səkkizinci turunda “Karvan-Yevlax”a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib.
İdman.Biz-in Xankəndiyə ezam olunan əməkdaşının məlumatına görə, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında nəticəyə təsir edən amillərdən və komandasının qarşısında duran vəzifədən danışıb.
Baş məşqçi komandasının heyət imkanlarının məhdud olduğunu etiraf edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü mübarizə apardı. Bu matçda fərdi səhv edən komanda məğlub olacaqdı. Təəssüf ki, uduzan tərəf olduq. Futbolçularımda günah axtarmıram. "Karvan-Yevlax" ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Heyətimizdə ehtiyat futbolçular azdır. Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır”.
Qeyd edək ki, əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi matçda meydan sahibləri iki cavabsız qol buraxıblar. “Xankəndi” səkkiz turdan sonra altı xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
