“Hər bir klubun inkişafa marağı olmalıdır”.
Bu sözləri “Araz-Naxçıvan” futbol akademiyasının koordinatoru Rail Məlikov sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Araz-Naxçıvan” akademiyasının hazırkı vəziyyətini və inkişafını necə qiymətləndirirsiniz?
- Akademiyamızın hazırkı vəziyyəti ürəkaçandır. AFFA futbol akademiyaları üçün 5 ulduzlu sertifikatlaşdırma modelini tətbiq edir. Federasiya uşaq futbolunun inkişafı istiqamətində böyük işlər görür. Əvvəlki illərlə müqayisədə bu il daha böyük irəliləyiş əldə etmişik.
- AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə çempionatların səviyyəsi sizi qane edirmi?
- Çatışmazlıqlar hər bir ölkədə olduğu kimi, bizdə də var. Buna baxmayaraq, AFFA çalışır ki, uşaq liqalarının yarışları daha yüksək səviyyədə təşkil olunsun. 15 yaşlı futbolçular arasında Dünya Çempionatının ölkəmizdə keçirilməsi və bu məqsədlə böyük infrastrukturun yaradılması mühüm addımlardır. AFFA çempionatların təşkili və formatı ilə bağlı da uğurlu qərarlar verir. Güclü və zəif klublar düzgün bölüşdürülür, hər qrupda çempion olan komandalar isə növbəti qrupa yüksəlirlər.
- Sizcə, Azərbaycan futbolunda akademiyaların inkişafı üçün hansı addımlar atılmalıdır?
- Hər bir klubun inkişafa marağı olmalıdır. Bununla yanaşı, irəli getmək üçün müvafiq infrastruktur da vacibdir. AFFA bu baxımdan klublara dəstək göstərir. İnkişaf üçün lazımi şəraitin yaradılması önəmlidir. Məncə, bu istiqamətdə ən vacib məsələlər məhz bunlardır.
- “Araz-Naxçıvan” akademiyasının qarşısına hansı hədəflər qoyulub? Gələcəkdə əsas komandaya futbolçu qazandırmaq baxımından nə dərəcədə iddialısınız?
- Məqsədimiz istedadlı futbolçuları yetişdirib üzə çıxarmaq və həmin oyunçularla rəsmi müqavilə imzalamaqdır. Onları həm milli komandaya, həm də klubumuzun əsas komandasına cəlb etmək istəyirik. Belə futbolçular var və onları nəzərdə saxlayırıq. Onların inkişafı üçün böyük addımlar atılır.
– Akademiyanızda gələcəyin milli komanda üzvləri kimi gördüyünüz futbolçular var?
- Bəli, belə futbolçularımız var. Onların inkişafını diqqətdə saxlayırıq və daha da irəli getmələri üçün çalışırıq. İnanırıq ki, düzgün iş və yaradılan şərait sayəsində istedadlı oyunçular yetişdirə bilərik. Çalışacağıq ki, onları Azərbaycan futboluna qazandıraq.
