Fərid Qayıbov: “Burada UEFA turnirlərinin oyunları da keçirilə bilər” - İDMAN.BİZ XANKƏNDİDƏN

19 Noyabr 2026 17:37
82
Fərid Qayıbov: “Burada UEFA turnirlərinin oyunları da keçirilə bilər” - İDMAN.BİZ XANKƏNDİDƏN

"Xankəndi şəhər stadionunda gələcəkdə Azərbaycan milli komandalarının və UEFA turnirlərinin oyunlarının təşkili mümkün ola bilər".

İdman.Biz xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov “Xankəndi” - “Karvan-Yevlax” qarşılaşması zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir stadionun beynəlxalq oyunları qəbul etmək potensialından danışaraq, UEFA-nın müvafiq kateqoriyasının alınmasından sonra burada daha böyük miqyaslı qarşılaşmaların keçirilməsinin nəzərdə tutulduğunu söyləyib:

“Stadion müvafiq UEFA kateqoriyasını almaq üçün hazırdır. Burada beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə UEFA-dan müvafiq kateqoriya aldıqdan sonra AFFA-nın da dəstəyi ilə burada nəinki aşağı yaş qrupları üzrə, həmçinin A milli komandamızın da oyunları keçirilə bilər. Burada UEFA turnirlərinin oyunları da keçirilə bilər”.

Fərid Qayıbov, həmçinin MOİK-in gələn ildən etibarən ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcəyini açıqlayıb.

O, stadionun yenidən qurulması prosesini və burada futbol həyatının canlanmasını da xatırladıb. Nazir qeyd edib ki, Xankəndi azad edildikdən sonra - 2023-cü il dekabrın 21-də burada ilk futbol oyunu keçirilib. Həmin vaxt Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları üz-üzə gəlib.

Daha sonra dövlət başçısının tapşırığı ilə stadion yenidən qurulub və Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

F.Qayıbov “Xankəndi” komandasının doğma meydanında ilk oyununu keçirməsini də xüsusi hadisə kimi qiymətləndirib və çoxsaylı azarkeşlərin tribunalarda yer almasının sevindirici olduğunu vurğulayıb.

Araz Xəlilli

İdman.Biz