“Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Birinci Liqasının səkkizinci turunda “Xankəndi” üzərində qazandıqları 2:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında yenilənmiş Xankəndi şəhər stadionunda yaşanan atmosferdən və komandasının çıxışından danışıb.
“Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən tərəf biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi. Futbolçular verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər”, - deyə Məmmədov bildirib.
O, komandanın gec yığılmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiklərini qeyd edib:
"Düşünürəm ki, hava şəraiti də futbolçulara təsir etdi. Çünki Xankəndi yüksək yerdə yerləşir. Buna görə də futbolçularda sanki boğulma var idi".
Baş məşqçi əsas hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu vurğulayıb:
"Bunun üçün rəhbərlik də əlindən gələni edir".
Qeyd edək ki, “Karvan-Yevlax”ın qollarını İbrahim Əliyev və Obicon Onyeka vurublar. Yevlax təmsilçisi qələbə sayəsində xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
