“Qarabağ”ın sabiq futbolçusu Munis Abdullayev uzun illər sonra Xankəndi şəhər stadionuna səfər edərək burada keçirdiyi futbolçu karyerasını xatırlayıb.
İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının dəvəti ilə Xankəndiyə gələn veteran futbolçu Azərbaycan Birinci Liqasının səkkizinci turunun “Xankəndi” - “Karvan-Yevlax” matçından əvvəl təəssüratlarını bölüşüb.
Abdullayev vaxtilə bu stadionda meydana çıxdığını, qollar vurduğunu və şəhərin zəngin futbol ənənələrinə malik olduğunu vurğulayıb:
“Xankəndidə belə möhtəşəm stadionun olması və burada futbol oyununun təşkili çox qürurvericidir. Bizi Xankəndiyə dəvət etdiyi üçün PFL rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Bura ilə bağlı xoş xatirələrim var. Mən bu stadionda oynamışam, qollar vurmuşam. Gəncliyimiz burada keçib. Xankəndi çox gözəl, futbol ənənələri olan şəhərdir. Bu məkanda çoxlu gərgin oyunlarımız olub. Komandaya gələndə “Neftçi”nin əvəzedici heyətində oynayırdım. “Qarabağ”ın heyətində çıxış etmiş sonuncu azərbaycanlı futbolçu mən olmuşam.”
Qeyd edək ki, əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi qarşılaşma “Karvan-Yevlax”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
