Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov 2026-cı il dünya çempionatının seçmə mərhələsi başa çatdıqdan sonra da komandanın sükanı arxasında qalacaq. Bu, Azərbaycan yığmasının qarşıdakı görüşlərdə göstərəcəyi nəticələrdən asılı olmayacaq.
Bu barədə İdman.Biz-ə məlumatlı mənbələrdən bildirilib.
Xatırladaq ki, bundan əvvəl Ayxan Abbasovla müqavilənin “1+2” sistemi üzrə imzalandığı açıqlanmışdı. Yəni, ilkin olaraq bir illik razılaşma qüvvədə olacaq, yığma onun rəhbərliyi altında 2026-cı il mundialının seçmə oyunlarında ən azı bir xal toplasa, müqavilə daha iki il müddətinə uzadılacaqdı.
Lakin mənbənin verdiyi məlumata görə, bu məlumat gerçəkliyi əks etdirmir. AFFA rəhbərliyi anlayır ki, bu qədər qısa müddətdə mütəxəssisin potensialını tam şəkildə nümayiş etdirməsi çətindir. Buna görə də Ayxan Abbasov 2026/2027 mövsümündə keçiriləcək UEFA Millətlər Liqasına hazırlıq prosesini də davam etdirəcək.
Xatırladaq ki, Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Bakıda İslandiya ilə, 16 noyabrda isə yenə paytaxtda Fransa yığması ilə qarşılaşacaq.
D qrupunda hazırkı vəziyyət belədir: Fransa - 10 xal, Ukrayna - 7, İslandiya - 4, Azərbaycan - 1.
Teymur Tuşiyev
