“Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XI turunda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qalsa da, görüşdə təyin olunan penaltinin matçın axarını dəyişdiyini bildirib.
“Komandamız pis oynamadı. İlk hissədə yetərincə yaxşı oyun göstərdik və bunu sona qədər davam etdirdik. Belə matçlarda çox qol epizodu yaratmaq çətindir, amma 2-3 real imkanımız oldu. Abubakarın gəlişindən sonra digər hücumçularımızın da motivasiyası artıb”, - deyə Abasov bildirib.
Baş məşqçi penalti epizodunu haqsız sayıb:
“Bu cür derbilərdə belə ucuz penalti verilməz. Əgər baş hakim deyirsə ki, bu kontakt oyunudur, bəs niyə “Zirə” ilə, “Turan Tovuz”la matçlarda bizim xeyrimizə oxşar vəziyyətlərdə penalti verilmədi? Bu qərar oyunun taleyinə təsir etdi”.
“Komandadan çox razıyam, fərqli “Neftçi” görürük. Bu qədər azarkeşin və jurnalistin oyuna gəlməsinin səbəbkarı “Qarabağ” yox, “Neftçi”dir. Çox yaxşı komanda qururuq. Nəyi daha yaxşı edə bilərik deyə çalışıb yolumuza davam edəcəyik”, - deyə baş məşqçi əlavə edib.
