“Neftçi”nin müdafiəçisi: “Qarabağ”ın meydana hansı heyətlə çıxmasının bizə aidiyyəti yoxdur”

Xəbərlər
7 Noyabr 2025 14:12
47
“Neftçi”nin müdafiəçisi: “Qarabağ”ın meydana hansı heyətlə çıxmasının bizə aidiyyəti yoxdur”

“Deməzdim rahat oldu. İlk dəqiqələrdən oyuna maksimum fokuslanmışdıq. Qələbə qazanmaq istəyirdik. Bu, çempionatda ilk ev qələbəmiz olmalı idi. Buna görə də ilk dəqiqələrdən tam köklənmişdik. Matçın əvvəlindən görsənirdi ki, qələbə bizim olacaq. Yekunda böyük hesabla qalib gəldik və bu, daha da sevindirici oldu. Yolumuza davam edirik”.

Bunu “Neftçi”nin müdafiəçisi Elvin Bədəlov Azərbaycan Premyer Liqasının X turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etdikləri oyun barədə futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

O, inanır ki, “Neftçi”nin qələbələrinin davamı gələcək: ”Əsas odur ki, oyun var. Çünki oyun olsa, qələbələr də gələcək. “Kəpəz”lə matçda da çıxışımız yaxşı alındı. İnanıram ki, davamı da gələcək”.

Bədəlov “Neftçi”nin hücum xəttindəki canlanmanın nəticələrə müsbət təsir göstərdiyini bildirib: ”Sevincliyik ki, belə hücumçularımız var. Abubakarın səviyyəsi bəllidir. Sambu da yaxşı hücumçudur. Abubakarın gəlişi onun üçün də, Ağadadaş üçün motivasiyadır. Şadıq ki, hücumda belə oyunçularımız var. Əsas odur ki, qollarımızı vuraq”.

Təcrübəli müdafiəçi iki gün sonra XI turda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan da söz açıb: ”Hazırlaşırıq. İnanırıq ki, qələbələrimizin ardı gələcək. “Qarabağ”ı tanıyırıq. Həftə arası Çempionlar Liqasında oyun keçirmələri nəyisə dəyişmir. Heyətləri genişdir, oyunçuları çoxdur. Əsas “Qarabağ”ı yox, özümüzü düşünürük. Rəqibin meydana hansı heyətlə çıxmasının bizə aidiyyəti yoxdur”.

İdman.Biz