Peşəkar Futbol Liqası (PFL) Azərbaycan derbiləri - “Qarabağ” və “Neftçi” arasında keçirilən oyunlarla bağlı maraqlı statistik məlumatlar açıqlayıb.
İdman.Biz xəbər verir ki, PFL-in məlumatına əsasən, komandalar arasında ən məhsuldar görüşlərdə altı qol vurulub. Bu göstərici iki dəfə qeydə alınıb - 2020-ci il noyabrın 8-də keçirilən “Neftçi” - “Qarabağ” (0:6) və 2023-cü il mayın 2-dəki “Neftçi” - “Qarabağ” (2:4) oyunlarında.
“Qarabağ”ın ev oyunlarında ən yüksək məhsuldarlıq beş qolla ölçülür. Bu, 2015-ci il aprelin 25-də (3:2), 2022-ci il mayın 21-də (4:1) və 2024-cü il mayın 4-də (5:0) keçirilmiş qarşılaşmalarda qeydə alınıb.
PFL-in statistikasına əsasən, Azərbaycan derbisində 15 qolsuz oyun baş tutub. Onlardan 10-u “Neftçi”nin, beşi isə “Qarabağ”ın meydanında oynanılıb.
Bundan başqa, hər iki komandanın qol vurduğu oyunların sayı 45-dir. Bu qarşılaşmaların 21-i “Neftçi”nin, 22-si “Qarabağ”ın, ikisi isə neytral meydanda keçirilib.
