Rusiya millisinin dünya çempionatında seçmə mərhələ oyunlarına Azərbaycan ev sahibliyi edə bilər

Xəbərlər
5 Noyabr 2025 17:36
41
Rusiya millisinin dünya çempionatında seçmə mərhələ oyunlarına Azərbaycan ev sahibliyi edə bilər

Qadın futbolu üzrə Rusiya millisinin 2027-ci il dünya çempionatının seçmə mərhələsində iştirak etməsinə icazə verilə bilər.

İdman.Biz "Sport Baza"ya istinadən xəbər verir ki, əgər bu qərar təsdiqlənsə, komanda oyunlarını neytral meydanda keçirəcək və əsas variantlardan biri Azərbaycandır.

Bildirilir ki, FIFA və UEFA Rusiya yığmasının neytral bayraq altında çıxış etməsi ehtimalını müzakirə edir. Bu halda rusiyalı futbolçuların ev oyunları üçün Azərbaycan, Ermənistan, Türkiyə və bir neçə başqa ölkə ehtimal olunan meydan sahibləri kimi nəzərdən keçirilir.

Mənbənin məlumatına görə, futbolçular artıq beynəlxalq arenaya mümkün qayıdış barədə xəbərdar ediliblər və gələn ilin fevralında start götürəcək seçmə mərhələyə hazır olmaları istənilib.

Əgər qadın millinin iştirakı mənfi reaksiya doğurmazsa, FIFA və UEFA gələcəkdə Rusiya gənclər və yeniyetmələr komandalarının da beynəlxalq yarışlara buraxılmasını müzakirə edə bilər.

Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından etibarən Ukraynaya təcavüzü səbəbindən beynəlxalq turnirlərdən uzaqlaşdırılıb.

Xatırladaq ki, 2025-ci ilin yanvarında Bakı artıq beynəlxalq idman tədbiri üçün neytral meydan kimi seçilmişdi: paytaxtda FİBA Çempionlar Liqasının pley-in mərhələsində Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” komandaları qarşılaşmışdı. Oyunlar İsrail tərəfinin müraciəti ilə Bakıda təşkil olunmuşdu.

Teymur Tuşiyev

İdman.Biz