Maksim Medvedev: “Doğma meydan amili bizə çox kömək ola bilər”

Xəbərlər
5 Noyabr 2025 15:09
45
Maksim Medvedev: “Doğma meydan amili bizə çox kömək ola bilər”

“Qarabağ” və “Çelsi”nin 2017-ci ildəki oyunlarından sonra hər iki komandada heyətində xeyli dəyişiklər olub”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev keçmiş komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçirəcəyi oyun barədə danışarkən deyib.

O, şansların əlli-əlliyə olduğunu bildirib: “Düzünü desək, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı oynayanda bizə az şans verilirdi. Amma indi isə belə deyil. Artıq “Qarabağ” dünyada və Avropada öz adından söz etdirib. Komandamız istənilən rəqiblə oynamağa qadir olduğunu dəfələrlə göstərib. London təmsilçisinə gəlincə, heyətində olan futbolçular fərdi olaraq güclü və ustadırlar. Hamısı hazır oyunçulardır. Lakin Qurban Qurbanov da onları yaxşı analiz edib. Hər iki tərəf yaxşı formadadır. Amma doğma meydan amili bizə çox kömək ola bilər”.

Onun sözlərinə görə, Ağdam klubu Çempionlar Liqasının Liqa mərhələsində daha çox xal yığmaq gücündədir: “Burada ən önəmli olan futbolçuların zədəli olmamasıdır. Əgər heyətdə problem yaşanmasa, Almaniya təmsilçisi “Ayntraxt”dan evdə 3 xal ala bilərik. Onların “Napoli” ilə matçını izlədim. Dişimizə uyğundur. Bu sözlərim “Ayaks” üçün də keçərlidir. Doğma meydanda Niderland komandasından da xal almaq olar”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Çelsi” görüşü saat 21:45-də başlayacaq.

İdman.Biz