Vaqif Sadıqov: “Qarabağ” “Çelsi”nin adından çəkinməyəcək”

Xəbərlər
5 Noyabr 2025 15:45
27
Vaqif Sadıqov: “Qarabağ” “Çelsi”nin adından çəkinməyəcək”

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün üz-üzə gələcəyi İngiltərənin “Çelsi” kollektivinin adından çəkinməyəcək.

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov qitənin bir nömrəli klub turnirində baş tutacaq görüşlə bağlı fikirlərini bölüşüb:

“Azərbaycan çempionu klublararası dünya çempionatının qalibi ilə üz-üzə gələcək. Rəqibin adı, təcrübəsi çox şeydən xəbər verir. Kağız üzərində favoritdirlər. Ancaq bizim çempionumuzdan gözləntilərimiz böyükdür. Hesab edirəm ki, “Qarabağ” əsl gücünü göstərəcək, sonadək mübarizə aparacaq. Biz böyüyən bir komanda görürük. Bu qarşılaşmada da xoş sözlərə layiq olan kollektiv izləyəcəyik. Düşünürəm ki, “Qarabağ” rəqibin adından çəkinməyəcək, mübarizə aparacaq”, - deyə “Report”a açıqlamasında deyib.

V.Sadıqov “köhlən atlar”ın sözügedən görüşdə tarixi nailiyyət əldə edə biləcəyini də vurğulayıb:

“Niyə də yox? Biz başa düşməliyik ki, təmsilçimiz Avropa futbolu səviyyəsində oyun sərgiləyir. Güclü rəqiblərə qarşı mübarizə aparmaq üçün gücü də var. Hər birimiz bu gün komandaya dəstək olacağıq. Biletlər də tükənib. Azarkeşlərlə birlikdə gözəl oyunun şahidi olacağıq. Ümid edirəm ki, sevinən tərəf də biz olacağıq”.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz