Faiq Hacıyev: “Bizi gərgin və maraqlı oyun gözləyir”

Xəbərlər
5 Noyabr 2025 11:52
40
Faiq Hacıyev: “Bizi  gərgin və maraqlı oyun gözləyir”

“Hədəfimiz turnir cədvəlinin yuxarı pillələridir. Qələbələrimizin sayını artırıb, oyunumuzu daha da yaxşılaşdıraraq, yüksək yerlər uğrunda mübarizə aparacağıq”.

Bu sözləri “Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev futbolinfo.az-a açıqlamasında deyib.

26 yaşlı futbolçu Misli Premyer Liqasının XI turunda səfərdə “Zirə” ilə keçiriləcək oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Zirə” ilə oyuna hazırlıqlarımız davam edir. “Zirə” çox yaxşı komandadır. Gərgin və maraqlı oyun bizi gözləyir. Rəqibimiz həm yaxşı heyətə, həm də sabit performansa malikdir. Ötən tur qələbə qazandıq. Çoxdandır öz azarkeşlərimizin önündə oynamırdıq. Azarkeşlərimiz həm səfərdə, həm də evdə bizə dəstək olurlar. Çox güclü fanat ordusuna malikik. Qələbələrimizin daha çox olmasına və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Hacıyev milli komandadan dəvət gözlədiyini də vurğulayıb: “Fiziki durumum çox yaxşıdır. Özümü hər zaman formada saxlayır, əlavə məşqlər edirəm. Baş məşqçi Ayxan Abbasov təklif göndərsə, milli komandanın formasını geyinməyi çox istəyirəm. Necə olacağını zaman göstərəcək. Ümid edirəm ki, Ayxan müəllim mənə dəvət göndərər”.

İdman.Biz