“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Çelsi”yə 0:2 hesablı məğlubiyyətin səbəblərini dəyərləndirib.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, mütəxəssis komandasının ilk hissədə yaxşı çıxış etdiyini, lakin fasilədən sonra oyuna nəzarəti itirdiyini bildirib:
“İlk hissədə oyunun içində daha çox idik. Düşünürəm ki, hesabda önə keçməliydik. Sonra oyun nəzarətimizdən çıxdı. İlk qolu bu şəkildə buraxmaq olmazdı. Bundan sonra ilk hissədəki oyunumuzu bərpa edə bilmədik. Bizim baxımımızdan bu, heç də yaxşı buraxılmış qol deyildi”.
Karrik 63-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Lisandro Martinesin hərəkətinin də qarşılaşmanın gedişinə ciddi təsir göstərdiyini vurğulayıb:
“Bu hadisənin oyuna çox böyük təsiri oldu. Həlledici məqam idi. Düşünürəm ki, bu, hər kəsə aydındır”.
Baş məşqçi komandasının azlıqda qalmasına baxmayaraq, hesab arasındakı fərqi azaltmaq şansı qazandığını da xatırladıb. O, Brayan Mbeumonun zərbəsindən sonra topun tirə dəyməsini matçın uğursuz gedişinin daha bir göstəricisi hesab edib:
“Yəqin ki, bu epizod hər şeyi ümumiləşdirdi. Brayan həmin anda möhtəşəm zərbə endirdi. Top qapıya daxil olsaydı, yenidən oyuna qayıdacaqdıq. Futbolçularımızın qol vuracağına və imkanlar yaradacağına inanırsan. Brayan bu matçın necə keçdiyini ən yaxşı əks etdirən oyunçulardan biri oldu”.
Karrik ilk hissədə futbolçularının nümayiş etdirdiyi intizamı və oyun keyfiyyətini də müsbət qiymətləndirib. O, Bruno Fernandeşin də iştirak etdiyi komandanın fasiləyə qədərki çıxışından razı qaldığını söyləyib:
“İlk hissədə komandadan, xüsusilə futbolçuların fərdi çıxışından razı idim. İntizam, meydandakı vəzifələrin yerinə yetirilməsi və futbolun keyfiyyəti - bunların hamısı var idi”.
Qeyd edək ki, “Çelsi”nin qollarını Morqan Rocers və Koul Palmer vurublar. London təmsilçisinin ikinci qolu penaltidən vurulub.
