Ənənəvi olaraq, futbol üzrə Azərbaycan çempionatında medianın diqqəti əsasən Premyer Liqaya yönəlir, baxmayaraq ki, I Liqada da heç də yuxarı dəstədən geri qalmayan gərgin mübarizə olur. Məlumdur ki, buradan Premyer Liqaya birbaşa yalnız bir komanda vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə Premyer Liqada sonuncudan birinci - 11-ci pillədə qərarlaşan klubla pley-off oyunlarında qarşılaşacaq.
Hazırda Azərbaycan futbolunun birinci divizionuna yüksəlməyə real iddiaçılardan biri “Səbail” klubudur. Komanda çempionatın altı turundan sonra I Liqada ikinci pillədə qərarlaşıb.
İdman.Biz “Səbail”in cari mövsümdəki məqsədləri barədə klubun icraçı direktoru Firuz Abdullaya müraciət edib:
“Bizim üçün ötən mövsüm olduqca uğursuz keçdi. İndi əsas məqsədimiz Premyer Liqaya qayıtmaqdır. Amma sadəcə qayıtmaq yox, birinci yerdən qayıtmaq! Bizim üçün başqa məqsəd ola bilməz,” - deyə Firuz Abdulla bildirib.
O fikrinin davamında vurğulayıb ki, “Səbail”in I Liqada yeganə rəqibinin “Şəfa” (hazırda bu komanda I Liqada birinci yerdə qərarlaşıb – red.) olduğunu demək də doğru deyil.
“I Liqada bizimlə yanaşı çıxış edən doqquz klubdan istənilənindən sürpriz gözləmək olar. Hər bir klub, hər bir bölgə istəyir ki, onun komandası Premyer Liqada çıxış etsin. Buna görə də burada rəqabət çox yüksəkdir. Bununla belə, biz çalışacağıq ki, məsələ pley-off oyunlarına qədər uzanmasın. Çünki bütün rəqiblərə hörmətimizi saxIamaqla onu qeyd etmək istəyirəm ki, I Liqa klubları ilə Premyer Liqanın hətta 11-ci yerdəki komandası arasında fərq çox böyükdür, xüsusilə maliyyə baxımından. Hətta I Liqanın ən güclü komandalarının, o cümlədən bizim belə, Premyer Liqanın ən zəif klublarında olan maliyyə imkanlarımız yoxdur”, - “Səbail”in icraçı direktoru vurğulayıb.
Vüqar Vüqarlı
