Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Ağdamın “Qarabağ” və Londonun “Çelsi” komandaları arasında keçiriləcək oyunu Azərbaycan futboluna yaxşı tanış olan hakim idarə edəcək.
İdman.Biz-in məlumatına görə, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sebastyan Qishamerə olacaq.
Təxminən bir ay əvvəl - oktyabrın 13-də Qişhamer Azərbaycan millisinin iştirakı ilə keçirilən oyunda da iş başında olub. Həmin matç 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub. Azərbaycan millisi səfərdə Ukrayna ilə qarşılaşıb. Oyun Polşanın Krakov şəhərində keçirilib və ukraynalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, həmin qarşılaşmada Qişhamer 88-ci dəqiqədə VAR vasitəsilə epizodu izlədikdən sonra Azərbaycan millisinin vurduğu qolu ləğv edib. Oyun ərzində baş hakim dörd sarı vərəqə göstərib, onlardan biri Azərbaycan millisinin üzvünə - qapıçı Şahruddin Məhəmmədəliyə verilib.
Avstriyalı hakim Ağdam “Qarabağ”ının da iştirak etdiyi oyununu da idarə edib. Bu, 2023-cü il oktyabrın 5-də Avropa kuboklarının qrup mərhələsinin ikinci turunda baş verib. Qurban Qurbanovun komandası həmin görüşdə İsveçin “Hekken” klubunu 1:0 hesabı ilə məğlub edib.
Həmin matçda Qişhamer cəmi üç sarı vərəqə göstərib, onların ikisini “Qarabağ” futbolçuları - Marko Yankoviç və Patrik Andrade alıb. Andrade artıq “Qarabağ”ın heyətində çıxış etmir, o, “Araz-Naxçıvan” klubunun futbolçusudur.
Qeyd olunan oyunların heç birində avstriyalı referi qırmızı vərəqə göstərməyib. “Çelsi”nin iştirak etdiyi görüşləri isə Qişhamer indiyədək idarə etməyib.
Xatırladaq ki, “Qarabağ” və “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində üç turdan sonra hərəyə altı xal toplayıb və müvafiq olaraq turnir cədvəlində 13-cü və 11-ci yerləri tutur. Komandalar arasındakı oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Teymur Tuşiyev
