“Neftçi”də bütün addımlar atılır ki, klub əvvəlki əzəmətini qaldırsın”.
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Misli Premyer Liqasının X turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” - “Kəpəz” oyunundan gözləntiləri açıqlayıb:
“Neftçi” rəhbərliyi istəyir yaxın gələcəkdə çempionluq uğrunda mübarizə aparan komanda yaratsınlar. Vinsent Abubakarın transferi də buna hesablanan addımdır. Bu cür futbolçular öz adlarını yüksəkdə saxlamaqdan ötrü çempionatdan aslı olmayaraq özlərini yaxşı tərəfdən göstərmək istəyir. Onun gəlişi “Neftçi”də olan gənc yerli futbolçulara təcrübə baxımdan müsbət təsir göstərəcək. Abubakar ən yaxşı formasını yığsa, biz o zaman kamerunlu hücumçunun bacarığının şahidi olacağıq. Hər iki komandanın vəziyyətindən asılı olmayaraq “Neftçi” - “Kəpəz” matçı gərgin keçir. Bu oyuna qədər “Kəpəz” turnir cədvəlində özünə yaraşmayan yerdədir. Ancaq Azər Bağırovun gəlişindən sonra müsbət məqamlar gözə çarpır. Güclü qalib gəlsin”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, qarşılaşmaya saat 17:00-da start veriləcək.
