“Kəpəz”in futbolçusu: “Neftçi” ilə matçda sonadək döyüşəcəyik” - MÜSAHİBƏ

Müsahibə
1 Noyabr 2025 12:09
46
“Kəpəz”in futbolçusu: “Neftçi” ilə matçda sonadək döyüşəcəyik” - MÜSAHİBƏ

“Yenidən bu komandada çıxış etmək mənim üçün xoşdur. Ötən mövsümdə də "Kəpəz"in formasını geyinmişəm”.

Bunu "Kəpəz"in futbolçusu Rauf Hüseynli sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– İlk olaraq Gəncə təmsilçisinə qayıtmağınızla bağlı fikirlərinizi öyrənmək istərdik. Keçid necə baş tutdu?

- ⁠Yenidən bu komandada çıxış etmək mənim üçün xoşdur. Ötən mövsümdə də "Kəpəz"in formasını geyinmişəm. Hər iki tərəf istədi və mən geri qayıtdım.

– Komandanın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz? Sizcə, uğursuz nəticənin əsas səbəbi nədir?

- ⁠Səbəbini mən də bilmirəm. Düşünürəm ki, yaxşı komandamız var. Yaxşı oyunçulara da malikik. Kollektivdə əhval-ruhiyyə də qaydasındadır.

- Azərbaycan Kubokunda böyükhesablı qələbə qazandınız. II Liqada çıxış edən "Ağstafa Gəncləri"ni 6:1 hesabı ilə məğlub etmək sizə motivasiya verir?

- ⁠Hər qalibiyyət komandaya təsir edir və motivasiya verir. Ümid edirəm ki, qarşıdakı matçlarda da qələbələrə nail olacağıq.

- Bu gün Misli Premyer Liqasında "Neftçi"nin qonağı olacaqsınız. Oyun haqqında nə deyə bilərsiniz?

- ⁠Çətin qarşılaşma olacaq. Rəqibdə təhlükəli və keyfiyyətli futbolçular çoxdur. Biz əlimizdən gələni edəcəyik. Sonadək döyüşəcəyik, maksimum nəticə qazanmağa çalışacağıq.

- Necə düşünürsüz, "Kəpəz" liqada qalması üçün nə etməlidir?

- ⁠Komanda olaraq üzərimizdə çox çalışmalıyıq. Hər matçda son saniyəyədək mübarizə aparmalıyıq. Təslim olmaq lazım deyil. Bütün bunları bacarsaq, yaxşı nəticələr əldə edəcəyik.

İdman.Biz