Azər Salahlı: “Necə olacağını zaman göstərəcək”

Xəbərlər
1 Noyabr 2025 10:38
42
Azər Salahlı: “Necə olacağını zaman göstərəcək”

“Oyunun çətin keçəcəyini bilirdik”.

“İmişli”nin futbolçusu Azər Salahlı “Qarabağ”a səfərdə uduzduqları Misli Premyer Liqasının X turunun matçını şərh edib:

“Rəqibimizin gücü hər kəsə məlumdur. Buna baxmayaraq çox yaxşı oyun göstərdik. İlk hissədə yaxşı epizodlarımız da oldu. Dəyərləndirə bilsəydik, fərqli nəticənin şahidi ola bilərdik. Amma ümumi götürsək, yaxşı təsir bağışladıq. Çempionlar Liqasında çıxış edən komandaya qarşı çox epizod yarada bilmirsən. Amma bunu bacarmısansa, bundan istifadə etməlisən. İkinci hissədə də epizodlar yaratmağa çalışdıq. Alınmadı”, - deyə sport24.az-a açıqlamasında deyib.

31 yaşlı müdafiəçi qarşıdakı çempionat matçlarına hazırlaşacaqlarını vurğulayıb: “Növbəti kubok qarşılaşması dekabrda olacaq. Hər iki cəbhədə var gücümüzlə mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək”.

Oyunçu oyundan razı qaldıqlarını vurğulayıb: “Qarabağ”a qarşı yaxşı mübarizə apardıq. Rəqibin ustalığı hər kəsə bəllidir. İlk qolu hamınız gördünüz. İstər-istəməz motivasiyadan düşürsən. Sonra ikinci topu buraxdıq”.

Müdafiəçi “Qarabağ”a Çempionlar Liqasında “Çelsi” ilə oyunda uğurlar arzulayıb: “Ölkəmizi layiqincə təmsil edirlər. Nəticələri inanılmazdır, Azərbaycan futbolu üçün tarixi anlardır. Yalnız uğurlu nəticə gözləyirik. Hər birimiz “Qarabağ”ı Çempionlar Liqasında dəstəkləyirik”.

Qeyd edək ki, “Qarabağ” - “İmişli” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz