“Nottingem Forest” klubunda baş məşqçi postuna əsas namizəd Şon Dayç hesab olunur.
İdman.Biz Britaniya mətbuatına istinadən xəbər verir ki, “Everton”dan ayrıldıqdan sonra işsiz qalan 53 yaşlı mütəxəssis klub rəhbərliyinin diqqət mərkəzindədir.
Məlumata görə, Dayç hazırkı baş məşqçi Anqe Postekoqlunun istefasından sonra əsas favorit kimi qiymətləndirilir. Avstraliyalı mütəxəssis cəmi 39 gün əvvəl təyin olunsa da, səkkiz oyunda qələbə qazana bilməyib və komandası 18 qol buraxaraq klub tarixində son yüz ilin ən zəif startını göstərib.
Maraqlıdır ki, Dayç “Forest”lə əvvəldən tanışdırş O, 1980-ci illərin sonlarında klubun gənclər komandasında çıxış edib, baxmayaraq ki, əsas heyətdə meydana çıxmayıb. "Sky Sports"a açıqlamasında o, həmin illəri belə xatırlayıb:
“Bu, mənim üçün vacib dövr idi. Biz "Siti Qraund"da məşq edirdik, çoxlu zarafat və futbol ruhu vardı, əsl futbol vaxtları idi”.
Yeni baş məşqçinin təyinatının yaxın günlərdə rəsmiləşəcəyi bildirilir. Əgər qərar Dayçin xeyrinə olarsa, o, 35 ildən sonra kluba qayıtmış olacaq.
Qeyd edək ki, hazırda “Nottingem Forest” Premyer Liqada deqradasiya zonasındadır və qarşıdakı oyunlarda “Bornmut”, “Mançester Yunayted” və “Lids”lə qarşılaşacaq, həmçinin Avropa Liqasında “Portu”ya qarşı mühüm matça çıxacaq.