İspaniyanın “Atletik” (Bilbao) klubunun futbolçusu Xesus Areso qarşıdakı matçların, o cümlədən Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” klubuna qarşı görüşün önəmini dəyərləndirib.
İdman.biz “Diario AS” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu oktyabrın sonunda keçiriləcək qarşılaşmanın komandası üçün həlledici olacağını vurğulayıb.
“Növbəti rəqiblərimiz “Elçe” və “Qarabağ”dır. Düşünürəm ki, bir az dincəlmək vacibdir, amma eyni zamanda konsentrasiyanı itirməməliyik. Bu oyunlar çox önəmlidir. Həm “Elçe” ilə görüş, həm də “Qarabağ”a qarşı matç müəyyən mənada bizim gələcəyimizi müəyyən edəcək”, – ispaniyalı futbolçu vurğulayıb.
Xatırladaq ki, “Atletik” və “Qarabağ” arasında oyun oktyabrın 22-də Bilbaoda keçiriləcək. Qurban Qurbanovun komandası altı xalla turnir cədvəlinin lideridir, Ernesto Valverdenin yetirmələri isə xalsız şəkildə 34-cü pillədə qərarlaşıblar.
İspaniya çempionatında “Atletik” səkkiz turdan sonra 13 xal toplayaraq səkkizinci yerdədir. Eyni zamanda “Qarabağ” da yeddi oyundan sonra 13 xal toplayıb və Azərbaycan Premyer Liqasında üçüncü pillədə qərarlaşıb.
Teymur Tuşiyev