“Qarabağ”ın məşqçisi Hüseyn Seyidov Türkiyənin “Qalatasaray” klubunda təcrübə proqramı keçib.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis klubun saytına açıqlamasında səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu deyib: “Bu imkanı yaratdıqları üçün klubun baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov olmaqla hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox dəyərli bir təcrübə idi. Həm özümü sınamaq, nəyə qadir olduğumu görmək, həm də hansı sahələrdə biliklərimi artırmalı olduğumu dərk etdim. "Qalatasaray"da çox isti münasibətlə qarşılandım. Baş məşqçi Okan Buruk və qapıçılar üzrə məşqçi Fadıl Koşutan ilə günün 10 saata qədərini birgə keçirirdik. Video təhlillərdən tutmuş, hər qapıçıya fərqli yanaşma prinsiplərinə qədər bir çox məsələləri müzakirə etdik. Müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanım oldu”.
O, Fadıl Koşutanla iş prosesinin onun üçün xüsusilə faydalı olduğunu qeyd edib: “Fadıl Koşutan UEFA-nın PRO kateqoriyalı məşqçisidir. Onunla gün ərzində uzun müzakirələr aparırdıq. O, uzun illər Taffarel və Muslera ilə çalışmış mütəxəssisdir. Sonuncu gün artıq tam açıq fikir mübadiləsi şəraitində idik. Mənim bu qədər uzaq məsafədən sırf öyrənmək məqsədilə gəldiyimi bildirdi və bunu yüksək qiymətləndirdi. Bu münasibət mənim üçün əlavə motivasiya oldu. Açığı, oradan böyük bir özgüvənlə qayıtdım”.
Seyidov “Qalatasaray” və “Qarabağ” arasındakı fərqlərdən də danışıb: “Təbii ki, müəyyən fərqlər var. “Qalatasaray” Avropadakı yenilikləri çox tez mənimsəyir və onları öz sisteminə tətbiq edir. Bu baxımdan bizdən bir neçə addım öndədirlər. Amma artıq "Qarabağ"da da həmin yenilikləri tətbiq etməyə başlamışıq. Ümumi məşq prosesi baxımından isə ciddi fərq yoxdur. Sadəcə, orada qapıçı məşqçiləri üçün yaradılan şərait fərqlidir. Onların fərdi otaqları, xüsusi inventarları və təhlil imkanları var. Bu, işin keyfiyyətinə birbaşa təsir edir”.
O, bu istiqamətdə klub rəhbərliyinə də təkliflərini çatdırdığını bildirib: “Rəhbərliyimiz bu məsələyə çox pozitiv yanaşdı və dəstək verdi. Düşünürəm ki, bu, işimizin effektivliyini daha da artıracaq. Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilik və təcrübəni artıq komandamızda tətbiq etməyə başlamışam”.