“Əlbəttə ki, xal götürsəydik, daha yaxşı olardı. Amma buna baxmayaraq, futbolçularımız dünənki oyunda daha istəkli idilər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduğu matç barədə danışarkən deyib.
Mütəxəssis nəticədən asılı olmayaraq, futbolçuların sona qədər mübarizə apardıqlarını və istək göstərdiklərini bildirib: “Oyunumuzu müdafiə üzərindən qurmuşduq. Əks-hücumlara üstünlük verirdik və bunun da bəhrəsini gördük. 43-cü dəqiqədə rəqibi əks-hücumda yaxalayıb qol vurduq. Həmçinin dördüncü dəqiqədə də əks-hücum zamanı təhlükəli vəziyyət yaratdıq. Əgər o epizod da qolla nəticələnsəydi, oyun tamam başqa cür ola bilərdi. Əfsuslar olsun ki, məğlub olduq”.
Azərbaycan millisinin sabiq üzvü hesabın oyuna görə olduğunu söyləyib: “Rəqibin də imkanları var idi. Onlar da yaxşı oynadılar. Düşünürəm ki, hesab ədalətli oldu. Amma bir epizodda hakim qırmızı vərəqə də göstərə bilərdi. Epizoda VAR-da baxılsaydı, bəlkə də qərar fərqli olardı. Amma bu, futboldur. Nə olursa-olsun, hər kəs səhv edə bilər. Hakimlər də, oyunçular da. Əsas odur ki, biz qarşıdakı görüşlərə fokuslanaq. Bakıdakı matçlarda komandamıza uğurlar arzulayıram”.
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi bir xalla qrupda sonuncudur. Xallarının sayını yeddiyə çatdıran Ukrayna seçməsi isə ikinci pillədə yer alıb. Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.