Türkiyənin “Qalatasaray” klubu “Liverpul”un hücumçusu Məhəmməd Salahla maraqlanır və artıq bu qış futbolçunun transferini reallaşdırmaq imkanını nəzərdən keçirir.
İdman.biz "Nefes" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı misirli ulduzu qış transfer pəncərəsində komandaya cəlb etməyə cəhd göstərəcək.
“Liverpul” isə futbolçunun müqaviləsinin gələn mövsümün sonuna qədər qüvvədə olmasına baxmayaraq, onun satışını nəzərdən keçirməyə hazırdır.
Klub rəhbərliyi hesab edir ki, Salahın komandadakı vaxtı tədricən başa çatır və indi ulduz futbolçudan maksimal gəlir əldə etmək üçün münasib vaxtdır.
Maraqlıdır ki, Salah daha əvvəl Çempionlar Liqasındakı oyunlardan birində “Qalatasaray”ın azarkeş atmosferindən çox təsirlənib. Bildirilir ki, o, hətta keçmiş komanda yoldaşı İlkay Gündoğandan soruşub: “Bu enerjili atmosfer hər ev oyununda belə olurmu?”
Qeyd edək ki, cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 9 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.