“Qarabağ”ın polşalı qapıçı Mateus Koxalski bir neçə klubdan ciddi təklif alıb.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, bir sıra İngiltərə və Fransa klublarının “radar”ına düşən 25 yaşlı qolkiperə Almaniyadan da dəvət gəlib. Hətta onun “Ayntraxt” və Dortmund “Borussiya”sı tərəfindən izləndiyi deyilir.
Bütün karyerasını vətənində keçirən Koxalski 2024-cü ilin yayından “Qarabağ”dadır. Üç illik müqaviləyə imza atan polşalı bu mövsüm özünü tam şəkildə doğruldub. Komandası Çempionlar Liqasında mübarizə apardığı üçün Mateus indi daha çox diqqət mərkəzindədir.
Əksər polşalı futbolçunun yolu Bundesliqadan keçdiyindən ağdamlıların qapıçısının da eyni addımı atması mümkündür. Lakin “Qarabağ” Koxalskini buraxmaq niyyətində deyil. Klub hələlik rəsmi təklif almayıb, hətta alsa da belə qolkiperi heyətdə saxlamaq üçün hər şey edəcək.
Mateus “Qarabağ”dakı durumundan məmnundur. Amma Polşa millisinə düşmək arzusu onun Almaniyaya can atmasını şərtləndirə bilər. Böyük klublardan ciddi təklif alacağı və onlar “Qarabağ”ı qane edən transfer haqqını ödəyəcəyi halda yayda onun Bundesliqaya yollanacağı deyilir.