Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına açıqlama verib.
İdman.Biz championat.com-a istinadla xəbər verir ki, 31 yaşlı qolkiper açıqlamasında Kilian Mbappenin və Kriştianu Ronaldunun oyununu müqayisə edib.
“Mbappe çox güclüdür. Televizorda onun sürəti realda olduğu kimi hiss olunmur. Çox iti və çevikdir. Məncə, Fransa və Portuqaliya yığmaları güc baxımından bərabərdir. Fərq ondadır ki, biz portuqaliyalılarla qarşılaşanda Kriştianu artıq driblinq edən deyil, daha çox qolçu funksiyasını yerinə yetirirdi. Mbappe isə indi özünün ən yaxşı formasıdadır”, - deyə Ş. Məhəmmədəliyev bildirib.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2021-ci ildə səfərdə Portuqaliya qarşı oyunda Azərbaycan yığmasının qapısını qoruyub. O zaman millimizin qapıçısı Ronalduya qarşı oynayıb, bir neçə dəfə onun çətin zərbələrini zərərsizləşdirə bilib.